BMW Tarixi

bmw

Avtomil həvəskarlarının üstünlük verdikləri məşhur markalardan biri də BMW-dir. Şirkətin «Sürməkdən həzz al» («Freude am Fahren») şüarının doğruluğunu BMW avtomobillərinin sükanı arxasında əyləşmiş hər kəs asanlıqla anlaya bilər. Görəsən, istehsal etdikləri maşınları böyük həzz alaraq sürdüyümüz BMW şirkətinin yaranma ideyası kimə məxsusdur? Bəlkə də çoxları bu şirkətin əvvəllər maşın deyil, təyyarə mühərriklərinin istehsalı üzrə ixtisaslaşdığından xəbərsizdirlər. Bəs, bir sıra məşhur idmançıların dünya rekordlarına məhz BMW markalı motosikletlərdə imza atmaları barədə necə, məlumatınız varmı? Bu mövzuya müraciət etməkdə məqsədimiz belə maraqlı məqamlara aydınlıq gətirməkdir.

Uzun yolun başlanğıcı
1913-cü ildə Münhen şəhərində Karl Rapp və daxili yanacaq mühərriyinin ixtiraçısı Nikolaus Avqusto Ottonun oğlu Qustav Otto iki kiçik aviamühərrik şirkəti yaradır. Birinci dünya müharibəsi başlayan kimi onlar çoxlu sifarişlər almağa başlayırlar. Bunu görən Rapp və Otto iki şirkəti birləşdirib böyük bir aviamühərrik zavodu yaratmaq qərarına gəlirlər. 1917-ci ilin iyulunda «Bayerische Motoren Werke» (Bavariya mühərrik zavodu) adı altında yeni aviasiya mühərrik zavodu qeydiyyatdan keçir. Beləliklə, Almaniyanı bütün dünyada tanıdan BMW şirkətinin əsası qoyulur. Amma bu şirkətin yaranma tarixi çox zaman mütəxəssislərin mübahisəsinə səbəb olur. Çünki BMW şirkəti qeydiyyatdan keçməzdən əvvəl Münhendə şirkətin istehsal etdiyi aviamühərriklərdən istifadə olunurdu. 1928-ci ildə isə Almaniyanın Ayzenah şəhərində artıq şirkətin mənzil-qərargahı var idi. BMW şirkətinin tarixində ən əlamətdar hadisə 1904-cü ildə olub. Həmin vaxt Frankfurtda keçirilən mühərrik şousunda şirkətin «Diksi» adlı avtomobili nümayiş edilib. O vaxt bu maşının cəmi iki modeli – «S6» və «S12» vardı. «S» hərfinin yanındakı rəqəmlər avtomobilin neçə at gücünə malik olduğunu göstəridi. 

Versal müqaviləsinin BMW şirkətinə qoyduğu qadağa
XX əsrin əvvəllərində Maks Fris adlı bir şəxs «Bayerische Motoren Werke» şirkətinə baş konstruktor vəzifəsinə dəvət olunur. Qısa zaman ərzində onun rəhbərliyi altında BMW IIIa aviasiya mühhəriyi hazırlanır. Yeni icad 1917-ci ilin sentyabrında ilk dəfə sınaqdan keçirilir. Bu mühərriklə çalışan təyyarə 9760 m hündürlüyə qalxaraq dünya rekordunu təzələyir. Həmin hadisə BMW-nin embleminin yaranmasına səbəb olur. Şirkətin iki mavi və iki ağ hissəyə bölünmüş emblemi səmada fırlanan təyyarə pərinin təsviridir. I Dünya Müharibəsi başa çatdıqdan sonra şirkət yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Belə ki, Versal müqaviləsinə görə, almanlara təyyarə mühərriyi istehsal etmək qadağan edilmişdi. Həmin dövrdə isə BMW şirkəti yalnız mühərriklər üzrə ixtisaslaşmışdı. Bunu görə karl Rapp və Qustav Otto vəziyyətdən çıxış yolunu motosiklet və onun mühərriklərini hazırlamaqda görür. 1923-cü ildə BMW şirkətinin R32 markalı ilk motosikleti satışa çıxarılır. R32-nin ən çox diqqətə səbəb olduğu yer isə Paris olur. 20-30-cu illərdə motoyürüşlər zamanı yenilənən dünya rekordlarına məhz BMW-nin istehsalı olan R32 vasitəsilə imza atılır.